ARDNŞ –nin 2010-cu il “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi ekoloji layihələrin əhatə dairəsi günü-gündən genişlənir. Neftqazçıxarma İdarələrinin uzun illər çirklənməyə məruz qalmış mədən ərazilərində torpaqların reabilitasiyası və landşaftın bərpası önəmli əhəmiyyət kəsb etdiyindən, bu istiqamətdə işlərin intensiv və kompleks şəkildə aparılması xüsusilə diqqət mərkəzindədir.
Bununla əlaqədar olaraq, cari ildə “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında bağlanmış müqaviləyə əsasən “Abşeronneft” NQÇİ-nin, Siyəzənneft” NQÇİ-nin, Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində uğurla aparılan layihələr sırasına yeni bir layihə də əlavə olunmuşdur.
“Azneft” İB ilə QSC arasında bağlanmış müqaviləyə əsasən iyun ayından “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində ayrılmış neftlə çirklənmiş sahələrin bioremediasiyası işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Artıq “Ekol Mühəndislik Xidmətləri” QSC bu layihənin icrası üçün əraziyə xüsusi texnika, nəqliyyat vasitələri və işçi qüvvəsi cəlb edərək layihənin icrasına başlamışdır.
Aparılmış monitorinq nəticəsində müəyyən olunmuşdur ki, bu sahələrdə 22 min m3-ə qədər neftşlam vardır.
tarix : 24.06.2010
|