“Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihəsini uğurla davam etdirir. Ötən ay isə QSC layihənin ikinci mərhələsinin icrasına başlamışdır.
Bu mərhələdə “Abşeronneft” NQÇİ-nin 7 hektara qədər mədən ərazisində çirklənmiş torpaqların rekultivasiyası və 18.6 min m3 şlamın ərazidən çıxarılaraq bioremediasiya olunması nəzərdə tutulmuşdur. İcra müddətində layihə sahəsindən 18.6 min m3 neftşlam çıxarılmış əraziyə 11 163 m3 ştib, 15 842 m3 torpaq daşınaraq yayılmışdır. Həmin əraziyə 4 500 ədəd eldar şamı, 4 500 ədəd isə zeytun ağacları əkilmişdir. Nəzərdə tutulmuş işlər dekabrın 23-də müvəffəqiyyətlə başa çatdırılmışdır.
“Abşeronneft” NQÇİ-nin yaşayış massivinin yaxınlığında yerləşən bu ərazisi QSC-nin həyata keçirdiyi tədbirlər nəticəsində öz simasını tamamilə dəyişmişdir. Bu layihənin icrası eyni zamanda, Pirallahı qəsəbəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və ətrafda yaşayan əhalinin sağlamlığının mühafizə olunmasına öz müsbət təsirini göstərəcəkdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC “Abşeronneft” NQÇİ-nin mədən ərazisində çirklənmiş torpaqların bioremediasiyası işlərini davam etdirir.
tarix : 23.12.2010
|