ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Ekologiya ili”ni uğurlu nəticələrlə başa vurur

      2010-cu il Azərbaycanın  müasir tarixində bir sıra nailiyyətlərlə əlamətdardır. Başa vurmaqda olduğumuz il bir  çox hadisələrlə yadda qaldı. O cümlədən, ekologiyanın, ətraf mühitin  qorunması istiqamətində çox mühüm  hadisələr baş verdi. Ən əsası, ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə “Ekologiya ili” elan olunması nəticəsində, bu il ətraf mühitin  problemlərinin  həlli sahəsində həyata keçirilən böyük layihələrlə tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı geniş  miqyaslı dövlət proqramları, iri  maliyyə tutumlu layihələr həyata keçirilməyə başlandı. Qəbul olunmuş dövlət proqramlarından irəli gələn məsələlərin həlli istiqamətində ARDNŞ-nin də qarşısında mühüm vəzifələr qoyulmuşdur.

     Təbii ki, ekologiya sahəsini əhatə edən  tədbirlər təkcə 2010-cu illə məhdudlaşmır. Ölkəmizdə əvvəlki illərdə də ekoloji problemlərə böyük diqqət yetirilib, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyev ekoloji məsələlərə ciddi diqqət göstərirdi. 1993-cü ildə  yenidən hakimiyyətə qayıdan dahi siyasətçi, başqa sahələr kimi ekoloji təhlükəsizlik məsələlərini də şəxsi nəzarət altına götürdü və bu istiqamətdə respublikamızda mühüm əhəmiyyətli  işlərin görülməsinə start verildi.

     Heydər Əliyev siyasi məktəbinin yetirməsi və layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə, ekoloji problemlərin  həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Ölkə başçısı 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etdi. Bu mühüm dövlət sənədi çərçivəsində aidiyyəti qurumlar, o cümlədən ARDNŞ  zəruri tədbirlərin həyata keçirilməsinə başladılar və son dörd ildə bir çox vacib məsələlər öz həllini tapdı. 2006-cı ildən neftlə çirklənmiş torpaqların təmizlənməsi ARDNŞ-nin  başlıca fəaliyyət sahələrindən birinə çevrildi.

      Qeyd edildiyi kimi “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin təsisçiliyi ilə məhz neft sənaye sahələrində ekoloji yönümlü işlərin yerinə yetirilməsi məqsədilə yaradılmışdır.  2006-cı ildən başlayaraq QSC  neft emalı zavodlarından  atılan sənaye-çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi ilə yanaşı,  ARDNŞ-nin  həyata keçirdiyi prioritet ekoloji layihələrinin icrasında   potensial podratçı qismində  yaxından iştirak edir.

     Ölkə başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə Azərbaycanda indiyədək  misli görünməmiş ümummilli  ekoloji hərəkat bütün ölkə boyunca geniş vüsət aldı.  Dövlət Neft  Şirkəti də bu hərəkatın ön sıralarında  fəaliyyətə başladı .  Təbii ki, “Ekol Mühəndislik Xidmətləri” QSC də bu hərəkata qoşuldu və ARDNŞ-nin potensial podratçısı qismində aktual  ekoloji problemlərin həlli sahəsində fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu.

      2010-cu ildə QSC  Heydər  Əliyev adına BNEZ  və “Azərneftyağ” NEZ da 21 milyon 410 min  m3-ə qədər sənaye-çirkab  sularının təmizlənməsi, 25 min 385 tona qədər neftşlamın emal olunması və zərərsizləşdirilməsi, 136 ton parafinin təmizlənməsi, 30-a qədər təşkilata  ekoloji monitorinq xidmətlərinin göstərilməsi,  ekoloji-texniki normativ sənədlərin işlənib hazırlanması və s. bu  kimi ekoloji yönümlü işləri yerinə yetirmişdir. 

     Bununla yanaşı, “Ekologiya ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC  “Azneft” İstehsalat  Birliyi ilə, Z.Tağıyev  adına NQÇİ-nin mədən ərazisində (Qala qəsəbəsi) 10 hektar, “Siyəzənneft” NQÇİ-nin mədən ərazisində 24.5 hektar, “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində 7 hektar, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində isə 12.4 hektar ərazidə neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası işlərini uğurla həyata keçirmişdir. İcra müddətində layihə ərazilərindən ümumilikdə 150 min 587 m3 şlam çıxarılaraq bioremediasiya edilmiş, həmin ərazilərə 58 min 306 m3 ştib, 168 min 441 m3 torpaq daşınmışdır. Bioremediasiya sahələrinə normaya uyğun saman və üzvü gübrələr verilmişdir.

     Artıq “Siyəzənneft”NQÇİ-nin və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində layihələrin icrası uğurla başa çatdırılmışdır.  Qala qəsəbəsində reabilitasiya olunmuş ərazilərdə 5 200 ədəd mühitə davamlı müxtəlif növ ağac, 10 minə qədər  bəzək və gül kolları, “Abşeronneft” NQÇİ-nin  reabilitasiya olunmuş ərazilərində isə 9 min ədəd eldar şamı və zeytun ağacları əkilmişdir.

      2010-cu ildə  QSC-nin  xidməti istifadəsinə verilmiş, Zığ şosesi, Hövsan yolu ünvanda yerləşən A-4 qurğusu adlanan qeyri yaşayış sahəsində də əsaslı təmir və yenidənqurma işləri aparılmış, ətraf ərazilərdə abadlaşdırma işləri görülmüş, 3 500 ədəd mühitə davamlı ağac, 2 500 ədəd isə bəzək və gül kolları əkilmişdir.

    Cari ildə “Ekol Mühəndislik Xidmətləri” QSC   ekoloji vəziyyətin yaxşılaşdırılmasında əsas amillərdən olan, yaşıllıqların salınması və onlara aqrotexniki xidmətlər göstərilməsi məsələlərinə də xüsusi diqqət ayırmışdır. Layihə ərazilərindəki reabilitasiya olunmuş sahələrdə, eləcə də digər fəaliyyət sahələrində minlərlə ağac əkilmiş və becərilmişdir. Hazırda QSC-nin Torpaqların rekultivasiyası departamentinin 3-cü sahəsi  “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 50 minə qədər, Qaz Emalı Zavodunun ərazisində isə 9 mindən artıq müxtəlif ağac növlərinə xidmət göstərir.

     Dövlət Neft Şirkətinin “Ekoloji Siyasəti”ndə respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində  irimiqyaslı layihələri həyata keçirməklə yanaşı, ekoloji maarifləndirmə məsələlərinə də geniş yer ayırmış və bununla əlaqədar olaraq müvafiq tədbirlər planı təsdiq olunmuş, bu işlərin yerinə yetirilməsinə başlanılmışdır. ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış “Ekol Mühəndislik Xidmətləri” QSC-də öz sahəsində 2008-ci ildən etibarən tədbirlər planında qeyd edilən məsələlərin  həyata keçirilməsinə start vermişdir.

     May ayında “Ekol Mühəndislik Xidmətləri” QSC üzv olduğu Azərbaycandakı Amerika ticarət Palatası ilə birgə, Bakı şəhərinin məktəblərində xüsusi proqramla ekoloji maarifləndirmə tədbirləri keçirmişdir. Tədbirlər paytaxtın  Zərifə Əliyeva adına, eləcə də 20,23, 6 saylı lisey-məktəblərini və “SOS uşaq kəndi” internat məktəbini əhatə etmişdir. Maarifləndirmə proqramı məktəblilərin mədəniyyətinin, onların dünya görüşlərinin, düşüncə tərzlərinin  və yeni davranış stereotiplərinin ekoloji cəhətdən formalaşmasına yönəldilmişdir.

  “Ekol  Mühəndislik Xidmətləri” QSC-nin  daimi inkişafda olan çoxsahəli fəaliyyəti,  ətraf mühitin mühafizəsinə, insanların sağlamlığına və ölkə iqtisadiyyatına layiqli töhfələr verən prioritet ekoloji layihələri ictimai təşkilatlar, eləcə də KİV tərəfindən maraqla izlənilir və mütəmadi olaraq mətbuat səhifələrində işıqlandırılır.

    Məhz bunun nəticəsidir ki, 2008-2009-cu illərdə  QSC  ölkə iqtisadiyyatına verdiyi töhfələrə və ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə “CASPİAN ENERGY” və “CONSULTİNG & BUSINESS” jurnallarının “İlin Şirkəti” nominasiyası üzrə mükafatlarını, 2010-cu ildə isə, “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi aktual ekoloji layihələrə görə   “İlin Ekologiya Şirkəti” nominasiyası üzrə “Caspian  Energy  Award -2010” mükafatını almışdır.

     Daimi inkişafda olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildə yenidən, aktual ekoloji layihələrə və iqtisadi səmərəli fəaliyyətinə görə, nüfuzlu  BUSINESS TIME jurnalının  ekologiya sahəsində “İlin Şirkəti” nominasiyası üzrə “AZERI  BUSINESS AWARD” mükafatına layiq görülmüşdür.

    “Ekol Mühəndislik Xidmətləri” QSC əvvəlki illərdə olduğu kimi növbəti illərdə də öz fəaliyyətini yüksək templə davam etdirəcəkdir. 2011-ci ildə bir sıra   yeni layihələrin  icrası nəzərdə tutulmuşdur. Bunlardan “Balaxanıneft” NQÇİ-nin mədən ərazilərində neftşlamın bioremediasiyası və anbarlaşdırılması, eləcə də ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin Dübəndi neft terminalının ərazisində neftli, məişət və fekal suların təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi xüsusilə əhəmiyyətlidir.

     QSC  ekoloji layihələrin dünya standartları səviyyəsində həyata keçirilməsi üçün, maddi texniki bazasının gücləndirilməsi, müasir texnika və texnologiyaların istehsalata tətbiqi sahəsində də məqsədyönlü işlər aparır. Bu günlərdə  neftşlamı 3 fazaya: neft, su və mexaniki qarışıqlara ayıran, Hollandiya istehsalı, məhsuldarlığı 20 m3/saat olan 3 fazalı dekantor qurğusunun alınıb respublikamıza gətirilmişdir. Bu qurğu istifadəyə verildikdən sonra  həm ekoloji, həm də iqtisadi cəhətdən xeyli səmərə əldə olunacaqdır.

   2010-cu il, fevralın 18-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən, ekoloji problemlərə həsr olunmuş müşavirədə ölkə başçısının səsləndirdiyi: “...Mən hesab edirəm ki, ekoloji tədbirlərin görülməsi ancaq  2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə də bu məsələlərə ciddi diqqət göstərməliyik...” fikrini özünün  fəaliyyət proqramı kimi qəbul edən, ekoloji vəziyyətin yaxşılaşdırılması və insanların sağlamlığına təsir göstərən mənfi amillərin aradan qaldırılması missiyasını yerinə yetirən  “Ekol Mühəndislik Xidmətləri” QSC, bundan sonra da  respublikamızda, xüsusilə ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji  vəziyyətin yaxşılaşdırılması istiqamətində qabaqcıl və potensial imkanlı bir şirkət kimi fəaliyyətini davam və inkişaf etdirəcəkdir.
 

 
 
 
 

tarix : 29.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.