Bəşər tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının
19-cu il dönümü ilə əlaqədar, fevralın 25-də QSC-də geniş tədbir
keçirilmiş, faciə qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad
edilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən QSC-nin baş
direktoru Ramil Əliyev qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı, erməni
şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq
müddətdə həyata keçirdiyi etnik təmizləmə siyasətinin davamı, tarixin
qara səhifəsidir. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən
366-cı alayın yaxından köməkliyi ilə Xocalıya soxulub şəhəri tamamilə
yandırdılar. Xocalını zəbt etmiş erməni təcavüzkarları 613 dinc sakini,
o cümlədən 106 qadını, 63 uşağı, və 70 ahıl insanı amansızlıqla, 56
nəfəri xüsusi qəddarlıqla və işgəncə ilə qətlə yetirdilər, 1275 nəfəri
isə əsr götürdülər. Amansız qətllərlə dünya tarixində silinməz izlər
buraxan Xocalı soyqırımı, əslində erməni təcavüzkarlarının yalnız
Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayəti, bəşəriyyətə
yönəldilmiş qəddarlıq təcəssümü idi.
Ramil Əliyev çıxışına davam
edərək bildirmişdir ki, Xocalı soyqırımından 19 il ötməsinə
baxmayaraq, bu faciənin ildönümü hər il daha geniş miqyasda qeyd
olunur, fəlakət qurbanlarının xatirəsi əziz tutulur. Lakin hadisələr
göstərir ki, bu gün erməni millətçiləri hələ də özlərinin bədnam və
çirkin niyyətlərindən əl çəkməyiblər, tarix qarşısındakı cinayətlərini
ört-basdır etmək məqsədilə müxtəlif vasitələrlə tarixi saxtalaşdırmağa
əl atır, öz xeyirlərinə yazmağa cəhd göstərirlər. Təəssüf ki, insan
hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnən Xocalı
soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmişdir.
Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini
dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar qəbul
olunmalıdır.
Tədbirdə baş direktorun istehsalat üzrə
müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun məsləhətçisi
Kamil Akimov, Ekoloji Monitorinq departamentinin rəisi Şahabiddin
Albuşov, İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının
sədri Fəxrəddin Quliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli
Ələkbərov və başqaları öz çıxışlarında Xocalı faciəsinin Ermənistanın
Dağlıq qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq
müharibəsinin gedişində, dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi
soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisi olduğunu
vurğulamışlar. Təəssüf hissi ilə bildirmişlər ki, 1992-ci ilin
mayından 1993-cü ilin iyununadək hakimiyyətdə olmuş səriştəsiz qüvvələr
Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması
üçün heç bir iş görməmişlər.
Xocalı soyqırımının beynəlxalq
müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk
praktik təşəbbüs isə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonrakı mərhələyə təsadüf edir. Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il
fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar
qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini
açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli
tədbirlər görməyə çağırmışdır.
Çıxış edənlər qətiyyətlə
vurğulamışlar ki, qəddar üsullarla dinc insanları kütləvi qırğına
məruz qoyan erməni millətçiləri tarix qarşısında öz çirkin əməllərini
ört basdır etməyə çalışsalar da, ümumbəşəri dəyərlərlə, beynəlxalq
hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı
çatmışdır. Beynəlxalq təşkilatlar bu qanlı faciəyə hüquqi qiymət
verməlidir.
Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları soyqırımı əks
etdirən video görüntüləri böyük ürək ağrısı və hiddətlə izləmişlər.
QSC-nin istehsalat sahələrində də Xocalı soyqırımının 19-cu ildönümü
ilə əlaqədar stendlər təşkil olunmuş və stendlərin önünə tər çiçəklər
düzülmüşdür.
Xocalı faciəsi xalqımızın böyük dərdi, kədəri,
qəmi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının qan yaddaşında
öz milli azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolu kimi
qalacaqdır.