Martın 31-də QSC-nin baş ofisində Azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev qeyd etmişdir ki, təcavüzkar erməni millətçiləri xalqımıza qarşı zaman-zaman etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmişdir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət, çar Rusiyası və sovet hakimiyyəti dövrümdə də ardıcıl şəkildə davam etdirilmiş, azərbaycanlıların doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi ilə, eləcə də kütləvi qırğınlarla müşayiət olunmuşdur. Çirkin daşnak siyasətini həyata keçirən qəddar ermənilər 100 minlərlə günahsız əhalini amansızcasına qətlə yetirmiş, minlərlə kəndləri viranəyə çevirib sakinləri didərgin salmışlar.
Ermənilərin bu mənfur siyasəti bütün dövrlərdə xalqımız tərəfindən pislənmiş, bu soyqırımına hüquqi qiymət verilməsinə cəhd göstərmişlər. XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Milli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə ermənilərin xalqımıza qarşı dəfələrlə törətdikləri soyqırımı özünün hüquqi və siyasi qiymətini aldı. Bununla da Azərbaycan həqiqətləri bütün dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırıldı.
Tədbirdə baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və başqaları da çıxış etmişlər. Onlar öz çıxışlarında tədbir iştirakçılarının diqqətinə çatdırmışlar ki, tarix boyu ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə kənd yerlə - yeksan edilmiş, 100 minlərlə azərbaycanlı qətlə yetirilmiş, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar olmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılmış, onların siyasi riyakarlığı, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.
Tədbirin sonunda Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Soyqırımı ilə bağlı QSC-nin istehsalat sahələrində stendlər təşkil olunmuş, stendlərin önünə tər çiçəklər düzülmüşdür.
tarix : 01.04.2011
|