Respublikamızın hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilməkdədir. Bu münasibətlə “Ekol Mühəndislik Xidmətləri” QSC-də də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq , mayın 2-də QSC-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrində çalışan 30 nəfərədək nərd həvəskarı qatılmışlar.
Turnirin açılışında çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov və Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov ümummilli lider, müasir Azərbaycanın Respublikasının memarı Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, onun müstəqilliyimizin əldə olunmasında və respublikamızın hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışmışlar. Tədbir iştirakçıları ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər. Sonra turnirə start verilmişdir. Gərgin mübarizə şəraitində keçən turnirin final mərhələsində qalibləri müəyyən olunmuşdur. 1-ci yerə Nəqliyyat sexinin sürücüsü Qafar Orucov, 2-ci yerə İnzibati təsərrüfat şöbəsinin suvaqçısı Sənani Həsənov, 3-cü yerə isə Nəqliyyat sexinin sürücüsü İbrahimxəlil Xankişiyev layiq görülmüşlər. Sonda qaliblərə xüsusi diplom, kubok və pul mükafatları təqdim olunmuşdur.
tarix : 03.05.2013
|