Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi nizami ordu quruculuğunun sürətlə inkişafı və təkmilləşdirilməsi, müdafiə qüdrətimizin daha da artırılması istiqamətində də məqsədli tədbirlər həyata keçirilməyə başlandı. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. 1998-ci il may ayının 22-də isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 iyun - “ Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü” elan olundu. Hər il bu şanlı tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu il də "Silahlı Qüvvələr günü" münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının iştirakı ilə hərbi parad keçiriləcək və ordumuzun hərbi potensialı bütün dünyaya böyük qürur hissi ilə nümayiş etdiriləcəkdir. Bu şanlı tarixi gün dövlət rəsmləri, ordu hissələri, həmçinin aidiyyəti təşkilatlar tərəfindən silsilə tədbirlərlə və atəşfəşanlıqla qeyd olunacaqdır.
İyunun 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də də bu əlamətdar gün münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər ilk öncə QSC-nin kollektivini "Silahlı Qüvvələr günü" münasibətilə təbrik edərək, xalqımıza sülh, əmin-amanlı günlər və qələbə dolu sevincli günlər arzuladılar. Natiqlər öz çıxışlarında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən ordu quruculuğu, milli ordumuzun bütün regionda qüdrətli bir orduya çevrilməsi və torpaqlarımızı işğaldan azad etməyə qadir olması barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Çıxışlarda ölkə rəhbərinin səyi nəticəsində Milli Ordumuzun gündən-günə güclənməsinin və bütün Qafqazda qüdrətli bir orduya çevrilməsinin qürur hissi doğurduğu xüsusilə vurğulandı. Qeyd olundu ki, əgər sülh danışıqları fayda verməzsə, bu halda Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuz torpaqlarımızın işğaldan azad olunmasında öz sözünü deyəcəkdir.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialını əks etdirən video çarx nümayiş etdirildi və ənənəvi olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan Qarabağ veteranı və əlillərinə pul mükafatı təqdim olundu.
tarix : 25.06.2013
|