Tullantıların Emalı Departamenti (TED) əvvəlki illərdə olduğu kimi 2014-cü ilin I yarısında da QSC-nin tullantıların idarəolunması sahəsində "Sifarişçi" təşkilatlarla olan müqavilə öhdəliklərinə layiqincə əməl etmişdir. Cari ilin I yarımilliyində TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan 3 milyon 949 min m3-ə qədər sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər nəticəsində formalaşan 5 min 578 tona qədər neftşlam müasir qurğular vasitəsilə emal edilərək zərərsizləşdirilmişdir. TED-nin 7-ci sahəsində isə (“Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisi) 5 milyon 625 min m3-dən çox sənaye çirkab suları təmizlənmiş, 5 min 100 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. Altı ay ərzində "AAS-EKOL" MMC-dən TED-nin 8-ci sahəsinə (Parafin sexinə) daxil olan 102 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.
2014-cü ilin müvafiq dövründə QSC-nin "Sifarişçi" təşkilatları olan FHN-nin Qəza-xilasetmə xidməti, "Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC-nin Dəniz Neft Donanması, “AA service”, AAS- ATE” MMC, “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, ARDNŞ-nin Ekologiya və Neft Kəmərləri idarələri, Qaz emalı zavodu, “AAS- Ekol” MMC və digər təşkilatlardan qəbul edilmiş 28 min 949 ton/m3-dən çox müxtəlif növ tullantılar (şlam, neft şlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) TED tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilmişdir. 2014-cü ilin I yarısında TED-nin xidmət sahələrində fasiləsizliyinin təmin edilməsi, göstərilən xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi və ətraf mühitin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə, TED-nin xidmət sahələrində istismarda olan mexaniki təmizləyici qurğularda profilaktiki təmir və abadlıq işləri aparılmışdır. İsveçin "Alfa-Laval" şirkətinin yeni "FOX-15" separator qurğusu istismara verilmiş, dekantor qurğusunda əsaslı təmir işləri görülmüşdür. TED tullantıların idarə edilməsi sahəsində qarşıda duran vəzifə öhdəliklərinə yüksək səviyyədə əməl edilməsi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.
tarix : 08.07.2014
|