"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti (TED) sənaye-çirkab, axıntı sularının təmizlənməsi, həmçinin neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərini mexaniki və avtomatlaşdırılmış modul qurğular və mexanizmlər vasitəsi ilə həyata keçirir. Odur ki, istismarda olan bu mexanizm və qurğuların fasiləsiz iş rejiminin təmin edilməsi üçün təmir və texniki nəzarət işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə, QSC-nin aparıcı struktur bölmələrindən olan Elektromexanika sexinin kollektivi növbəli iş rejimində çalışaraq yüksək peşəkarlıqla xidmət sahələrinə texniki nəzarət və təmir xidmətləri göstərirlər.
Xidmətin fasiləsizliyinin təmin olunması məqsədilə Elektromexanika sexinin elektrik montyoru, çilingər və ocaqçılardan ibarət briqadaları fasiləsiz olaraq xidmət sahələrindəki nasosların, elektrik avadanlıqlarının, mexanizmlərin və qazanxanaların iş rejiminə nəzarət edir, profilaktiki və cari təmir işlərini yerinə yetirirlər. Sexin potensial imkanlarından istifadə edilərək, 2015-ci ilin müvafiq dövründə də TED-nin xidmət sahələrində istismarda olan qurğu və avadanlıqlarda bir sıra rekonstruksiya və təmir işləri aparılmışdır ki, bu da çirkab suların təmizlənməsi və neftşlamın emalı proseslərinə öz müsbət təsirini göstərmişdir. Hazırda Elektromexanika sexinin kollektivi daxili imkanlardan istifadə etməklə, cari ilin sonunadək xidmət sahələrində istismarda olan qurğularda, qazanxanalarda və elektrik təsərrüfatında yenidənqurma və cari təmir işlərinin yerinə yetirilməsini planlaşdırır.
tarix : 22.05.2015
|