Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.
Martın 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də "Novruz" bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə QSC-nin departament, şöbə rəisləri və kollektivin nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev qeyd etmişdir ki, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət ənənələrlə zəngindir. Əsrlər boyu bütün müsəlman dünyası, o cümlədən Azərbaycan xalqı bu bayramı müxtəlif və məhdud şəraitdə qeyd etmişlər. Xüsusilə sovetlər dönəmində Novruz bayramı bizim üçün yasaq edilmişdir. Respublikamız öz müstəqilliyinə qovuşduqdan sonra hər il bu bayram dövlət səviyyəsində qeyd edilir. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Çıxışının sonunda Ramil Əliyev tədbir iştirakçılarını, eləcə də QSC-nin bütün kollektivini Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, uzun ömür, bol ruzi-bərəkət və respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən şərəfli əmək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Tədbirdə digər çıxış edənlər, baş direktorun müavinləri Məzahir Hüseynov, İsrafil Əliyev, baş direktorun məsləhətçisi Kamil Akimov, İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağış, Əmək haqqı və əməyin təşkili şöbəsinin rəisi Səlimov Şahin də xalqımızın milli-mənəvi dəyərlərini, adət və ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə kollektivi təbrik etmişlər.
tarix : 18.03.2016
|