Mayın 27-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü və 28 May-“Respublika Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.
Tədbirdə çıxış edən QSC-nin baş direktorun istehsalat üzrə müavini - Texniki direktor Məzahir Hüseynov və digər natiqlər tədbir iştirakçılarını 28 May – “Respublika Günü” münasibətilə təbrik etdikdən sonra qeyd etmişdir ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Milli Şura “İstiqlal Bəyannaməsini” qəbul etdi və istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş, ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai- siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Tariximizdəki xüsusi roluna diqqət çəkən digər natiqlər də bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk dövrlərdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 70 illik fasilədən sonra, 1991-ci ildə SSRİ-nin süqutu və xalqımızın milli azadlıq hərəkatı nəticəsində yaranmış əlverişli tarixi bir şəraitdə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi və Ümummilli liderimiz Heydər Əliyevin Xalq Cümhuriyyətinin varisi elan olundu. Bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Ulu öndərimizin rəhbərliyi altında müstəqilliyimiz daha da möhkəmlənərək demokratik, hüquqi və dünyəvi dövlətə çevrildi. Tədbirdə çıxış edənlər xüsusilə vurğuladılar ki, bu gün Heydər Əliyev siyasi kursunu layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti nəticəsində Azərbaycanın demokratik, hüquqi, dünyəvi bir dövlət kimi əldə etdiyi bütün uğurlar məhz dövlət müstəqilliyimizin bəhrəsidir. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası bütün sahələrdə böyük sürətlə inkişaf edir və regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. Tədbirdə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Baş direktorun məsləhətçisi Kamil Akimov, EMD-nin rəisi Şahabiddin Albuşov, TED-nin rəisi Zeynal Babayev və başqaları çıxış etdilər. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti nəticəsində respublikamız bundan sonra daha da inkişaf edəcək, ərazi bütövlüyümüz təmin olunacaq, bayrağımız dünyanın inkişaf etmiş dövlətlərinin bayraqları sırasında daim dalğalanacaq və Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.
tarix : 27.05.2016
|