Bu gün 1990-cı il, yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 27-ci ildönümü qədirbilən xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cıl ilin yanvarın 20-də keçmiş sovet imperiyasının hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün gənclərin and yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edirlər. Xalqımızın yaddaşına əbədi həkk olunmuş qanlı yanvar hadisələrinin 27-ci ildönümü bu günlərdə Respublikamızın hər yerində dərin hüznlə və ehtiramla yad olunur, şəhidlərin ruhuna dualar oxunur. Hər il olduğu kimi, bu il də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri SOCAR-ın çoxsaylı kollektivi ilə birgə faciənin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin unudulmaz xatirəsini böyük ehtiramla yad edərək, onların məzarlarının üstünə tər çiçəklər düzmüşlər. Anım günü ilə əlaqədar, QSC-nin baş ofisində və istehsalat sahələrində 20 yanvar hadisələrini əks etdirən stendlər təşkil edilmişdir. Tarix sübut etdi ki, bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır. Lakin, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığına və müstəqilliyinə yol açdılar. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsi heç zaman unudulmayacaqdır.
tarix : 20.01.2017
|