5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.
Ölkəmizdə də hər il 5 iyun tarixində əlaqədar təşkilatlar tərəfindən “Ümumdünya Ətraf Mühit Günü” qeyd olunur və əhalinin diqqəti bir daha ekoloji problemlərə cəlb edilir. Ekoloji yönümlü layihələr və xidmətlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC də, hər il olduğu kimi 2017-ci ildə də 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə baş ofisdə toplantı keçirilmişdir. Keçirilən toplantıda QSC-nin Baş direktoru Ramil Əliyev “Ümumdünya Ətraf Mühit Günü” nün yaranma tarixi, əhəmiyyəti, ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər, dövlət və milli proqramların uğurlu nəticələri haqqında çıxış etmişdir. Daha sonra çıxış edənlər QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki rolu, ətraf mühitin mühafizəsinə vətəndaş münasibəti, Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, bəşəriyyətdə ətraf mühitin çirklənməsi və görülən tədbirlər haqqında məlumat verdilər. Eyni zamanda, Ətraf Mühitin mühafizəsi ilə əlaqədar nümayiş etdirilən video çarxlar iştirakçılar tərəfindən maraqla izlənmişdir. Toplantının sonunda Cəmiyyətin 4 nəfər əməkdaşı ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşlar.
tarix : 06.06.2017
|