SOCAR öz fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
2017-ci ilin II rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiya Departamenti (TRD) tərəfindən bir sıra layihələr həyata keçirilmişdir. TRD ötən rüblərdə olduğu kimi 2017-ci ilin II rübündə də SOCAR-ın "Azneft" İB-nin NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirmişdir. Belə ki, SOCAR-ın "Azneft" İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində may-iyun ayında 5904 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 2000 müxtəlif növ ağac və bəzək kolları əkərək ümumi ağacların sayını 89255 ədədə çatdırmışdır. Hazırda TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, "Azneft" İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 57 min 134 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 15 min 924 ədəd, H.Z. Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala) 4 min 420 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir. Yaşıllıq sahələrindəki bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur. Yaşıllıq sahələrinin bərpası məqsədi ilə 2012-ci ildən QSC-nin “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılaraq istifadəyə verilmiş sahəsi 320 m2-lik istixanada becərilmiş müxtəlif növ ağac, tinglər və bəzək kollarının toxumlarına aqrotexniki xidmətlər göstərilmiş və gözlənilən nəticələr əldə olunmuşdur.
tarix : 15.08.2017
|