Yay mövsümünün gəlişi ilə əlaqədar hər il olduğu kimi 2018-ci ildə də Torpaqların Rekultivasiyası Departamenti SOCAR-ın “Azneft” İB-nin NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində bitkilərə, ağaclara, yaşıllıq zolaqlarına və gül kollarına aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirir.
Hazırda TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində 57 min 63 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində (Pirallahı rayon) 35 min 500 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində (Qala) 4 min 420, ümumilikdə 108 min 860 ədəd müxtəlif növ ağac və bəzək kollarına xidmət göstərir. Payız, qış və yaz mövsümlərində olduğu kimi yay mövsümündə də xidmət göstərilən yaşıllıq sahələrindəki bitkilərə lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə təmin olunaraq budama işləri vaxtlı vaxtında aparılır.
QSC-nin xidmət göstərdiyi bütün yaşıllıq sahələrinin bərpası məqsədilə ting ehtiyatının artırılması üçün “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən (TRD 2-ci sahə) istixanada akasiya, həmişəyaşıl oleandr, iydə, eldar şamı, sərv, zeytun və sair ağacların toxumları əkilərək aqrotexniki xidmətlər göstərilir və bərpa məqsədi üçün istifadə edilir.
Hazırda Torpaqların Rekultivasiyası Departamentinin işçiləri yay mövsümü ilə əlaqədar mədən ərazilərindəki yaşıllıq sahələrində zəruri aqrotexniki tədbirlərin həyata keçirilməsi işlərini davam etdirirlər.