QSC-nin bu fəaliyyətini Tullantıların Emalı Departamentinin (TED) işçiləri həyata keçirir. Sənaye-çirkab sularının yüksək keyfiyyətlə təmizlənməsi üçün daim məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında yeni texnologiyaların və qurğuların tətbiqi, mexaniki təmizləyici qurğuların neftşlamdan və mexaniki çöküntülərdən təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq, çökdürücü göllərdə mütəmadi olaraq təmizləmə işləri yüksək səviyyədə vaxtlı-vaxtında yerinə yetirilir.
Belə ki, hazırda TED-nin 6-cı sahəsində fəaliyyət göstərən 5 saylı çökdürücü göldən 525 m3-ə qədər neftşlam və mexaniki qarışıq təmizlənərək, emal üçün “Alfa Laval” şirkətinin dekanter qurğusunun qəbul hovuzuna ötürülür və emal edilir. Bu da öz növbəsində H.Əliyev adına NEZ-dan daxil olan sənaye-çirkab sularının təmizlənməsinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır.
TED-nin 4-cü sahəsindəki (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) 3 saylı mexaniki təmizləmə sistemində nefttutuculardan yeraltı quyuya yığılan neft məhsullarının çənlərə vurulması üçün 15 KV gücündə məhsuldarlığı saatda 30 m3 olan mərkəzdənqaçma nasosu quraşdırılmışdır.
Bütün bunlarla yanaşı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin göstərdiyi xidmətlər sırasında ərsin parafinin mexaniki qarışıqlardan ayrılaraq təmizlənməsidir.
Parafin sexində də texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və işlərin İSO standartlarının tələbləri səviyyəsində qurulması məqsədi ilə, mütəmadi olaraq profilaktiki təmizlik və təmir işləri həyata keçirilir.
Bu məqsədlə, “Ekol Mühəndislik Xidmətləri” QSC-də mütəmadi olaraq sənaye-çirkab sularının təmizlənməsi proseslərinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.