Standartlar daxili və xarici tərəflərin maraqlarını diqqətə alır, sistemin qərarının strateji qərar olmasını vurğulayır. İSO 9001-2015 standartının 9.3 maddəsinin tələbinə görə rəhbər İnteqrəedilmiş Menecment Sistemlərinin təhlilini həyata keçirməlidir.
Rəhbərliyin təhlili Cəmiyyət tərəfindən qəbul edilmiş normativ hüquqi tələblərə uyğunluğun lazımi səviyyədə olmasını, davamlılığını təyin etmək və daima yaxşılaşdırmaq fəaliyyətini həyata keçirmək üçün aparılır.
Rəhbərlik tərəfindən aparılan təhlilin məzmunu və gündəliyi “İMS-nin rəhbərlik tərəfindən təhlili proseduru” nda əks olunur.
17.06.2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-də “İnteqrəedilmiş Menecment Sistemləri” və bu sistemlərə aid proseslərin səmərəliliyinin artırılması məqsədilə İSO 9001-2015 (maddə 9.3) rəhbərliyin təhlili toplantısı keçirilmişdir.
Toplantıda Cəmiyyətin rəhbərliyi və struktur bölmə rəhbərləri iştirak etmişdirlər.
Baş direktor Ramil Əliyev toplantı iştirakçılarını salamlayaraq rəhbərliyin təhlili iclasını açıq elan etdi. Ramil Əliyev “İnteqrəedilmiş Menecment Sistemləri”nin təhlili zamanı daxili və xarici tərəfdaşların maraqlarını diqqətə almağı, müəyyən edilmiş məqsəd və hədəflərin yerinə yetirilmə vəziyyəti, keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik siyasətinin yerinə yetirilməsi və onda dəyişikliklərin edilməsi, qəbul edilmiş normativ hüquqi tələblərə uyğun fəaliyyət göstərməyi diqqətə çatdırdı. O, Cəmiyyət üzrə 2022-ci ilin fevral-may aylarında keçirilmiş daxili audit zamanı aşkar edilmiş uyğunsuzluqların yerinə yetirilməsi barəsində məlumat üçün sözü Baş direktorun SƏTƏM üzrə müavin Eldəniz Həsənliyə verdi.
Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli struktur bölmə rəhbərlərinə verilmiş uyğunsuzluqların yaranma səbəbləri və aradan qaldırılması tədbirləri, keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik menecment sistemlərinin daxili auditinin, aşkar edilmiş uyğunsuzluqlar və düzəldici fəaliyyətlərin nəticələri aradan qaldırılması üçün tələb olunan resurs təminatı barəsində çıxış etdi. O öz növbəsində fəaliyyətimizin İSO 9001-2015, İSO 14001-2015, İSO 45001-2018 standartlarının tələbləri səviyyəsində qurulduğunu və xarici auditə hazır olduğumuzu qeyd etdi.
Daha sonra toplantıda Ekoloji Monitorinq Departamentinin ekoloqu-auditor Ceyhun Əsgərov İMS-nin fəaliyyəti barədə hesabat verdi. Hesabatda idarəetmə sistemi üçün vacib olan daxili və xarici faktorların təyini, sifarişçi ilə əks əlaqə, müştərilərin məmnunluq səviyyəsi və uyğun maraqlı tərəflərdən gələn məlumatlar, şikayətlər və reklamasiyalar, risklərin idarəolunması və imkanların həyata keçirilməsi üçün tətbiq edilən fəaliyyətlərin effektliyini, cəmiyyətin fəaliyyətinin ətraf mühitə təsiri inteqrəedilmiş menecment sistemlərinə təsir edəcək dəyişikliklər, qanun və başqa şərtlərə uyğunluğun qiymətləndirilməsi və əvvəlki toplantıda qəbul edilmiş qərarların icra səviyyəsi barədə məlumat verdi.
Proses sahibləri uyğunsuzluqların aradan qaldırılması və proses kriteriyalarının yerinə yetirilməsi barədə hesabat verdilər.
Müzakirələrin sonunda yerinə yetirilməsi vacib olan rəsmiləşdirilmiş qərar struktur bölmə rəhbərlərinə tanışlıq və icra üçün təqdim edilməsi qəbul edildi.