Ermənilər azərbaycanlıları təkcə deportasiya etmir, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Tarixdə görünməmiş bu vandalizmə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermirdilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. O vaxtlar nə Moskva, nə də ki, Azərbaycanın o vaxtkı rəhbərliyi baş verən hadisələr barədə heç bir qəti tədbirlər görmək istəmirdilər.
Belə olduğu halda, Azərbaycan xalqı ayağa qalxdı. Respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Buna baxmayaraq, Azərbaycan xalqının öz azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Xalq uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən etibarən 17 Noyabr - Milli Dirçəliş Günü kimi qeyd olunur.