Yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün gənclərin and yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edirlər. Xalqımızın yaddaşına əbədi həkk olunmuş qanlı yanvar hadisələrinin 33-cü ildönümü bu günlərdə Respublikamızın hər yerində dərin hüznlə və ehtiramla yad olunur, şəhidlərin ruhuna dualar oxunur.
Hər il olduğu kimi, bu il də SOCAR rəhbərliyi çoxminli kollektivi ilə birlikdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və kollektivi faciənin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin unudulmaz xatirəsini böyük ehtiramla yad edərək, onların məzarlarının üstünə qərənfillər düzmüşlər. Anım günü ilə əlaqədar, QSC-nin baş ofisində və xidmət sahələrində 20 yanvar hadisələrini əks etdirən stendlər təşkil edilmişdir.
Tarix sübut etdi ki, bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır. Lakin, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin faciəvi gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığına və müstəqilliyinə yol açdılar.
Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsi heç zaman unudulmayacaqdır.