“Yaşıl Missiyaya Bir Addım da Bizdən!” SOCAR-ın Gənc İstedadlar Proqramı könüllüləri üçün Ekopark İnnovasiya Mərkəzində ekoloji maarifləndirmə tədbiri











Ekol Mühəndislik Xidmətləri QSC-nin fəaliyyət göstərdiyi Ekopark İnnovasiya Mərkəzi ərazisində SOCAR-ın Gənc İstedadlar Proqramı könüllüləri üçün ekoloji maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi iştirakçıların ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsində ən yaxşı təcrübələr ilə tanış olmalarını təmin etmək olub.
Ekoloji maarifləndirmə proqramı çərçivəsində iştirakçılara Ekopark İnnovasiya Mərkəzinin konsepsiyası, burada yetişdirilən müxtəlif bitki növləri, alternativ enerji mənbələri – külək turbini və günəş panelləri, eləcə də onların işləmə prinsipləri barədə ətraflı məlumat verilib.
Tədbir zamanı könüllülərə həmçinin innovativ texnologiyaların ətraf mühitin qorunmasındakı rolu, tullantıların idarə edilməsi və bərpa olunan enerji mənbələrinin perspektivləri mövzularında izahlar təqdim olunub.
Tədbir çərçivəsində iştirakçılarla müxtəlif mövzularda aktiv müzakirələr aparılıb. Gənclərin ətraf mühit problemlərinə dair fikirləri, iqlim dəyişiklikləri ilə bağlı düşüncələri və gələcəkdə bu sahədə hansı töhfələri verə biləcəkləri geniş şəkildə müzakirə olunub.
Daha sonra könüllülərin iştirakı ilə Ekopark İnnovasiya Mərkəzi ərazisində ağacəkmə aksiyası təşkil edilib. Tədbir zamanı iştirakçılar üçün xüsusi nahar fasiləsi də təşkil olunub. Sonda tədbirin xatirə şəkilləri çəkilib.
Qeyd etmək lazımdır ki, Ekol Mühəndislik Xidmətləri QSC uzunmüddətli sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühit maarifləndirməsinin təşviqi və gənclərlə əməkdaşlıq məsələlərinə xüsusi önəm verir.