Sumqayıt Sənaye Parkında şirkət nümayəndələri ilə görüş










09 fevral 2026-cı il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin dəstəyi ilə Sumqayıt Sənaye Parkı ərazisində fəaliyyət göstərən rezident şirkətlərin nümayəndələrinin iştirakı ilə “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən maarifləndirici görüş təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi istehsal sektorunda fəaliyyət göstərən müəssisələr arasında ekoloji məsuliyyətin artırılması, müasir ekoloji həllərin tətbiqinin təşviqi və dayanıqlı inkişaf prinsiplərinin genişləndirilməsi olmuşdur. Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri tərəfindən şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi xidmətlər, həmçinin sənaye müəssisələri üçün nəzərdə tutulmuş ekoloji monitorinq, tullantıların idarə olunması, ətraf mühitin mühafizəsi və digər mühüm sahələr üzrə ətraflı təqdimat həyata keçirilmişdir.
Bildirilib ki, müasir dövrdə sənaye müəssisələrinin fəaliyyətində ekoloji standartlara riayət olunması və innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, müəssisələrin ekoloji risklərin azaldılması, resurslardan səmərəli istifadə və istehsal proseslərinin optimallaşdırılması istiqamətində atdığı addımlar dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayır.
Görüş çərçivəsində iştirakçılar istehsal sahəsində tətbiq olunan qabaqcıl ekoloji təcrübələr, beynəlxalq standartlar və yerli qanunvericiliyin tələbləri barədə məlumatlandırılmış, mövcud çağırışlar və həll yolları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, müəssisələr arasında əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tədbirin interaktiv hissəsində iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmış, praktiki nümunələr əsasında izahlar verilmişdir. Görüş iştirakçıları bu cür maarifləndirici təşəbbüslərin sənaye müəssisələrinin inkişafına və ekoloji məsuliyyətin artırılmasına mühüm töhfə verdiyini qeyd etmişlər.
Sonda tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının araşdırılması və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı razılıq ifadə olunmuşdur.