“Neftçilər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib





20 Sentyabr-“Neftçilər Günü” münasibətilə Ekol və Bahar Energy Operating Company (BEOC) tərəfindən Eko Park ərazisində birgə ağacəkmə aksiyası keçirilib.Ətraf mühitin mühafizəsi, yaşıllıq ərazilərinin genişləndirilməsi və ekoloji dayanıqlılığın təmin olunmasına töhfə vermək məqsədilə keçirilən aksiyada Ekol və BEOC-un 80-ə yaxın əməkdaşı iştirak edib. Aksiya çərçivəsində ərazidə 250-dən çox müxtəlif növ ağac əkilib. Əməkdaşların fəal iştirakı ilə keçirilən ağacəkmə tədbiri ərazinin yaşıllaşdırılması ilə yanaşı, ekoloji mühitin yaxşılaşdırılması və təbiətin qorunması istiqamətində atılan növbəti mühüm addım olub.
Tədbir zamanı iştirakçılara ağacların düzgün əkilməsi və yaşıllıqların qorunmasının əhəmiyyəti barədə məlumat verilib, ətraf mühitin mühafizəsində hər bir şəxsin və təşkilatın məsuliyyətinin vacibliyi vurğulanıb. Ağacəkmə aksiyasının davamı olaraq iştirakçılar üçün “Eko Park”a ekskursiya təşkil edilib. Ekskursiya zamanı qonaqlar parkın fəaliyyəti, burada həyata keçirilən ekoloji layihələr, yaşıllaşdırma işləri və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərlə tanış olublar.
Qeyd edək ki, bu cür birgə ekoloji təşəbbüslər müəssisələr arasında əməkdaşlığın inkişafına, ekoloji maarifləndirmənin artırılmasına və yaşıllıqların genişləndirilməsinə xidmət edir. Keçirilən aksiya 20 Sentyabr – “Neftçilər Günü”nün mahiyyətinə uyğun olaraq neft sənayesində çalışan əməkdaşların əməyinə verilən dəyərin və ətraf mühitə məsuliyyətli münasibətin növbəti nümunəsi olub.