Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Eko Parkda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.







EKOL Mühəndislik Xidmətləri QSC-nin təşkilatçılığı və Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Eko Parkda “Ümid yeri” uşaq sığınacağının balaca sakinləri üçün Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş maarifləndirici və əyləncəli tədbir keçirilib.Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, İcra Hakimiyyəti aparatının digər nümayəndələri, eləcə də “EKOL Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları iştirak ediblər. Tədbirin əsas məqsədi uşaqlara bayram sevinci yaşatmaq, onların asudə vaxtını maraqlı və faydalı keçirməsinə şərait yaratmaq, eyni zamanda balaca iştirakçılarda təbiətə sevgi və ekoloji məsuliyyət hissini formalaşdırmaq olub.
Uşaqlar Eko Parkda gəzintiyə çıxaraq burada yaradılmış yaşıllıq sahələri, müxtəlif bitki növləri və ekoloji mühitlə yaxından tanış olublar. Onlara park ərazisində yetişdirilən bitkilər, yaşıllıqların qorunmasının əhəmiyyəti və ətraf mühitə qayğı ilə yanaşmağın vacibliyi barədə maraqlı məlumatlar verilib. Tədbirin ən yaddaqalan hissələrindən biri isə güləkmə master-klassı olub. Balaca iştirakçılar güllər əkərək həm təbiətə qayğı göstərməyin sevincini yaşayıb, həm də bu prosesdə fəal iştirak etməklə yeni bilik və bacarıqlar qazanıblar. Uşaqlar əkdikləri gülləri xatirə olaraq özləri ilə aparıblar ki, bu da onlarda xüsusi sevinc və xoş təəssürat yaradıb.
Səmimi və mehriban atmosferdə keçən tədbir uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici olub. Bu təşəbbüs balacaların yaddaşında xoş xatirə kimi qalmaqla yanaşı, onların təbiətə daha həssas və qayğıkeş yanaşmasına da töhfə verib.