ekol.az
← Xəbərlərə qayıt

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 20 illik yubileyi qeyd olundu

Aprel 17, 2026

Bu gün “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təşkil edilən tədbirdə həm geridə qalan uğurlu yol, həm də gələcəyə yönəlmiş hədəflər barəsində danışıldı. SOCAR-ın  rəhbər heyətinin də iştirak etdiyi tədbir çərçivəsində Cəmiyyətin inkişaf mərhələləri, əldə olunan uğurlar və qarşıdakı strateji planlar geniş şəkildə təqdim olunub. 

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Ekol-un fəaliyyətinin ekoloji və sosial məsuliyyət baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, düzgün strategiya və innovasiyaların davamlı tətbiqi nəticəsində Cəmiyyət ekoloji xidmətlər sahəsində qabaqcıl müəssisəyə çevrilib və bu gün də həyata keçirilən layihələrlə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verir.

Baş icraçı direktor Ayxan Əliyev çıxışında indiyədək qazanılan nailiyyətlərdən bəhs edib və  bu uğurların arxasında dayanan əsas amilləri vurğulayıb. Qeyd edilib ki, Ekol-un inkişafında insan kapitalı, güclü komanda işi və müasir yanaşmalar həlledici rol oynayıb. Ayxan Əliyev eyni zamanda gələcək hədəflər, innovativ layihələr və yeni əməkdaşlıqlar barədə fikirlərini bölüşərək cəmiyyətin daha böyük uğurlara imza atacağına inamını ifadə edib.

Yubiley tədbiri çərçivəsində Ekol-un inkişafında xüsusi rolu olan əməkdaşlar da diqqətdən kənarda qalmadı. Uzunmüddətli qüsursuz fəaliyyəti, yüksək peşəkarlığı və Cəmiyyətin inkişafına verdiyi töhfələrə görə seçilən əməkdaşlar təltif olunaraq mükafatlandırıldılar. Bu, Ekol-un öz əməkdaşlarına verdiyi dəyərin və onların əməyinə göstərilən yüksək qiymətin bariz göstəricisi kimi qiymətləndirildi.

Sonda qeyd olundu ki, Ekol bundan sonra da öz strateji məqsədlərinə sadiq qalaraq innovasiya, davamlı inkişaf və yüksək keyfiyyət prinsiplərini rəhbər tutacaq, ölkənin ekoloji rifahına töhfə verən layihələr həyata keçirməyə davam edəcək.