Sağlam mühitli yaşayış komplekslərinin qurulması mövzusunda tədbir keçirilib










29 yanvar 2026-cı il tarixində Eko Park ərazisində yerli inşaat şirkətlərinin nümayəndələrinin iştirakı ilə “Sağlam mühitli yaşayış komplekslərinin qurulması” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi inşaat sektorunda ekoloji yanaşmaların tətbiqi, sağlam və davamlı yaşayış mühitinin formalaşdırılması istiqamətində mövcud həllərin müzakirəsi və bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Tədbir çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, ekoloji xidmətlər və innovativ yanaşmalar barədə iştirakçılara ətraflı təqdimat edilib. Xüsusilə yaşayış komplekslərinin layihələndirilməsi və istismarı prosesində ekoloji standartların tətbiqi, ətraf mühitə təsirin minimuma endirilməsi, sanitariya və ekoloji təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Müzakirə hissəsində inşaat sektorunda ekoloji sahə üzrə aktual problemlər və praktiki həll yolları müzakirə edilib, iştirakçıların sualları interaktiv formatda cavablandırılıb. Bu format tədbirin daha məhsuldar və faydalı keçməsinə şərait yaradıb, iştirakçılar arasında fikir mübadiləsini gücləndirib.
Tədbirin sonunda iştirakçılar üçün Eko Park ərazisində ekskursiya təşkil olunub. Ekskursiya zamanı qonaqlar park ərazisində yetişdirilən müxtəlif bitki növləri, fidanlıq sahələri və ekoloji layihələr ilə yaxından tanış olublar. Bu mərhələ iştirakçılara ekoloji yanaşmanın praktik tətbiqini yerində görmək imkanı yaradıb.
Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC gələcəkdə də inşaat sektorunda ekoloji məsuliyyətin artırılması və sağlam yaşayış mühitinin təşviqi məqsədilə bu kimi tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.