Balaca Ekoloqlar: “Yaşıl Gələcəyə Addım” adlı maarifləndirici tədbir keçirilib









“Ekol Mühəndislik Xidmətləri” QSC ilə İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ekopark ərazisində uşaqlar üçün ətraf mühit mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Avropa Azərbaycan Məktəbi, “Oxbridge Academy” və Evrika liseyini təmsil edən 100-dən çox şagird iştirak edib. Şagirdlər Ekopark İnnovasiya Mərkəzində keçirilən ekskursiya çərçivəsində ekoloji layihələr, alternativ enerji sistemləri və yaşıl mühitin formalaşdırılması prosesi ilə yaxından tanış olublar.
Maarifləndirici proqram çərçivəsində iştirakçılara ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii resurslardan səmərəli istifadə, ekoloji məsuliyyət və davamlı inkişaf prinsipləri barədə ətraflı məlumat verilib. İnteraktiv təqdimatlar vasitəsilə uşaqlar ekoloji yanaşmaların gündəlik həyatda tətbiqi barədə biliklərini artırıblar.
Tədbirin praktik hissəsində şagirdlər dibçəklərə gül əkərək yaşıllaşdırma prosesində fəal iştirak ediblər. Bu fəaliyyət uşaqlarda təbiətə sevgi və ekoloji məsuliyyət hissinin formalaşmasına töhfə verib.
Tədbir çərçivəsində tanınmış ictimai xadim və yazıçı Bəhram Bağırzadənin kitab sərgisi də təşkil olunub. Şagirdlər müəllifin əsərləri ilə yaxından tanış olmaq, kitablarla ünsiyyət qurmaq və mütaliəyə maraqlarını artırmaq imkanı əldə ediblər. Kitab sərgisi tədbirə mədəni və maarifləndirici məzmun qataraq, uşaqların dünyagörüşünün genişlənməsinə xidmət edib.
Eyni zamanda iştirakçılar Ekopark ərazisində mövcud olan innovativ ekoloji həllər, yaşıllaşdırma layihələri, fidanlıq sahələri və müxtəlif bitki növləri ilə tanış olublar. Ekskursiya şagirdlərə ekoloji konsepsiyanın real mühitdə tətbiqini müşahidə etmək imkanı yaradıb.
Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC və İDEA İctimai Birliyi gələcək nəsildə ekoloji şüurun formalaşdırılması, ətraf mühitin qorunması və davamlı inkişaf ideyalarının təşviqi məqsədilə bu kimi maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirəcək.