Ekol Mühəndislik Xidmətləri QSC Bakı Dövlət Universitetində keçirilən Aqrar sahə üzrə ixtisaslaşmış Karyera Sərgisində iştirak edib









“Ekol Mühəndislik Xidmətləri” QSC Bakı Dövlət Universitetində təşkil olunan “Peşəkar Gələcəyə Doğru” adlı aqrar sahə üzrə ixtisaslaşmış Karyera Sərgisində iştirak edib.
Tədbirin əsas məqsədi aqrar sektorun davamlı inkişafına töhfə vermək, ekoloji yanaşmaların təşviqi, əmək bazarının mövcud trendlərinin müzakirəsi və gənc mütəxəssislər üçün karyera imkanlarının genişləndirilməsi olub.
Tədbir çərçivəsində keçirilən panel müzakirələrində dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər və akademik heyəti, eləcə də özəl sektorun təmsilçiləri iştirak ediblər. Panel sessiyalarında aqrar sahədə innovativ yanaşmalar, ekoloji həllər, insan resurslarının inkişafı və əmək bazarının gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Karyera sərgisi zamanı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət istiqamətləri, ekoloji və mühəndislik sahəsində tətbiq olunan müasir həllər, həyata keçirilən layihələr və şirkətin xidmət portfeli barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda gənclər üçün mövcud təcrübə proqramları, təlim imkanları və potensial əməkdaşlıq perspektivləri təqdim olunub.
Şirkətin nümayəndələri tələbə və məzunlarla birbaşa ünsiyyət quraraq onların suallarını cavablandırıb, karyera planlaması və peşəkar inkişafla bağlı tövsiyələr veriblər. Bu, gənclərin real iş mühiti və sahə üzrə tələblər barədə daha dolğun təsəvvür əldə etməsinə imkan yaradıb.
Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC gənc mütəxəssislərin inkişafına dəstək göstərməyi, aqrar və ekoloji sahələrdə peşəkar kadr potensialının gücləndirilməsini və davamlı əməkdaşlıq platformalarının yaradılmasını strateji prioritetlərindən biri hesab edir.