ekol.az
← Xəbərlərə qayıt

İDEA və Ekol əməkdaşlığı ilə EkoParkda şagirdlər üçün ekoloji maarifləndirmə tədbiri keçirilib

Dekabr 1, 2025

Ekol Mühəndislik Xidmətləri QSC və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ekopark ərazisində ekoloji maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə «Oxbridge Academy», «Azerbaijan British College», «European Azerbaijan School», «Evrika Liseyi» və MTK-nı təmsil edən müəllim və şagirdlər iştirak ediblər. Tədbirin əsas məqsədi gənc nəsildə ekoloji şüurun formalaşdırılması, ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqi və dayanıqlı inkişaf prinsiplərinin təbliği olub.

Tədbir Ekopark ərazisində təşkil olunan ekskursiya ilə başlayıb. Ekskursiya zamanı şagirdlər park ərazisində həyata keçirilən ekoloji layihələr, alternativ enerji sistemləri, yaşıllaşdırma konsepsiyası və innovativ ekoloji həllərlə yaxından tanış olublar. Onlara külək enerjisi qurğuları, günəş panelləri və digər enerji sistemlərinin iş prinsipləri barədə ətraflı məlumat verilib.

Daha sonra tədbir təqdimatlar və maarifləndirici sessiyalarla davam edib. Təqdimatlar zamanı iştirakçılara ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə, iqlim dəyişikliklərinin təsiri və ekoloji məsuliyyət mövzularında geniş məlumat təqdim olunub. İnteraktiv formatda keçirilən müzakirələr şagirdlərin mövzuya marağını artırıb və onların sualları cavablandırılıb.

Tədbirin praktik hissəsində şagirdlər dibçəklərə gül əkərək yaşıllaşdırma prosesində fəal iştirak ediblər. Onlar öz əlləri ilə hazırladıqları bitkiləri özləri ilə apararaq tədbirin xatirəsini yaşadıblar. Bu fəaliyyət uşaqlarda təbiətə bağlılıq, ekoloji dəyərlər və məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verib.

Qeyd edək ki, Ekol Mühəndislik Xidmətləri QSC və İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən bu kimi maarifləndirici tədbirlər gənc nəslin ekoloji mədəniyyətinin inkişafına, ekoloji biliklərin artırılmasına və cəmiyyətin davamlı inkişafına xidmət edir.