Autizm Mərkəzində sosial və ekoloji yönümlü tədbir keçirilib













“Ekol Mühəndislik Xidmətləri” QSC və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı ilə Autizm Mərkəzində sosial yönümlü tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi ekoloji maarifləndirmənin təşviqi ilə yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyasına dəstək olmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və əmək vərdişlərinin formalaşdırılmasına töhfə vermək olub.
Tədbir çərçivəsində iştirakçılar üçün maarifləndirici təqdimatlar keçirilib. Təqdimatlar zamanı ətraf mühitin qorunması, təbiətə qayğı, yaşıllaşdırmanın əhəmiyyəti və ekoloji məsuliyyət mövzularında ətraflı məlumat verilib. İnteraktiv formatda keçirilən sessiyalar uşaqların mövzuya marağını artırıb və onların fəal iştirakını təmin edib.
Daha sonra Autizm Mərkəzinin açıq ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib. Ərazi müxtəlif bitki növləri ilə zənginləşdirilib, yaşıllaşdırma konsepsiyası çərçivəsində yeni dekorativ bitkilər əkilib. Bu fəaliyyət mərkəzin mühitinin daha estetik və rahat hala gətirilməsinə xidmət edib.
Tədbirin ən maraqlı və yaddaqalan hissələrindən biri uşaqlarla birgə təşkil olunan dibçək hazırlığı üzrə master-klass olub. Uşaqlar bu prosesdə fəal iştirak edərək öz əlləri ilə bitkilər əkiblər. Praktiki fəaliyyət onların özünüifadə bacarıqlarının, yaradıcılıq qabiliyyətlərinin və əmək vərdişlərinin inkişafına müsbət təsir göstərib.
Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC və “Regional İnkişaf” İctimai Birliyi gələcəkdə də sosial və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan bu kimi layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.